REGİONLAR
Lənkəranda bələdiyyələrdə avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilib
Lənkəran, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 7-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair zona seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri, yerli strukturların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli bildirib ki, bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılması bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Yerli özünüidarəetmə orqanlarında uçot sisteminin olmamasının, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmamasının və tam mənada şəffaflığın təmin edilməməsinin əsas çətinliklərdən olduğunu vurğulayan Ə.Əkbərli bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan avtomatlaşdırılmış məlumat sisteminin hazırlandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, hazırkı sistemi bələdiyyələrdə tətbiq etməklə yerli özünüidarəetmə orqanları vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qurulmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin operativ onlayn qaydada ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda, bələdiyyələrdə şəffaflığın təmin olunmasını və digər sahələr üzrə təhlillərin aparılmasını təmin edəcəkdir.
Təlim məşğələsində Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının nümayəndəsi Füzuli Gülməmmədli və proqram üzrə mütəxəssis, ekspert Pərviz Muradov yeni sistemin tətbiqi ilə bağlı təqdimatla çıxış ediblər.
Seminarda çıxış edən bələdiyyə sədləri təqdim olunan sistemin tətbiqindən sonra yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini bildiriblər.