REGİONLAR


Lənkəranda çimərliklərdə monitorinq aparılıb VİDEO

Lənkəran, 11 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda çimərlik mövsümü ilə əlaqədar Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə keçirilən monitorinqlər başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xəzər dənizi sahili boyu yerləşən dörd məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri yoxlanılıb.

Xəzərin Lənkəran sahillərində dəniz qumunun sağlamlıq baxımından orqanizmə daha faydalı olması hər il çimərlik mövsümündə bura üz tutanların sayını artırır. Yerli sakinlərlə yanaşı, Lerik, Masallı, Cəlilabad və Biləsuvar rayon sakinləri də dincəlmək məqsədilə Lənkərana gəlirlər.

Monitorinqlərdə əsas diqqət insanların daha çox üz tutduğu çimərliklərə yönəldilib.

Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Habil Sadıqov bildirib ki, 3 məkanda aparılan fiziki-kimyəvi və bakterioloji analizlər standarta uyğun olduğu halda, yalnız 1 çimərlikdə normativlər yüksəkdir. Dəniz suyunun analizi çimərlik mövsümü başa çatana qədər mütəmadi olaraq aparılacaq.

Lənkəran rayonunda yay aylarında sakinlərin dəniz sahilində dincəlməsi üçün 20-dən çox çimərlik fəaliyyət göstərir. Mütəxəssislər isə əhaliyə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının nəzarət etdiyi ərazilərdə çimməyi məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.