REGİONLAR
Lənkəranda dini radikalizmin profilaktikası ilə bağlı müzakirələr aparılıb
Lənkəran, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən zona müşavirəsində gənclər arasında dini radikalizmin profilaktikası ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirə 9 rayonu təmsil edən 200 gənc qatılıb.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilir.
Zona müşavirəsində Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda ölkəmizdə dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin keçirildiyindən danışılıb.
Diqqətə çatdırılıb ki, gənclərin dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti böyükdür.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş etdirilib.