REGİONLAR
Lənkəranda dinimizin qorunmasında gənclərin rolu müzakirə olunub
Lənkəran, 21 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə reallaşan “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində rayonun Daşdatük kənd məscidində maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dinimizin qorunmasında gənclərin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı, dini icmaların sədrləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dini dəyərlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan danışıb.
O, zəngin milli ənənələrimizə söykənən və müasir hüquqi normalarla tənzimlənən dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında ətraflı məlumat verib.
Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev çıxışında İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının zəruriliyini qeyd edib.
Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və başqaları çıxışlarında gənclərimizin radikalizmdən qorunması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.