REGİONLAR
Lənkəranda gənc sahibkarlar üçün keçirilən “Bootcamp” başa çatıb
Lənkəran, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda gənc sahibkarlara öz dəstəyini göstərən “Yeni Nəsil 2.0” layihəsinin “Sürət” mərhələsi çərçivəsində biznes ideyasına güvənən komandalar üçün keçirilən “Bootcamp” başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Bootcamp”ın əsas məqsədi komandaların öz biznes/startaplarını inkişaf etdirmələri üçün mentorların dəstəyi ilə təməl mövzularda təlimlər, vörkşoplar və panel diskussiyaların təşkil etməkdir.
Yeddi gün ərzində baş tutan “Bootcamp” zamanı İnnovasiya/startap, Kənd təsərrüfatı, HoReCa, Qadın sahibkarlığı və digər istiqamətlər üzrə təmsil olun komanda üzvlərinin biznes ideyalarında tətbiq etmələri məqsədilə təsir planı, maliyyə proqnozları, rəqabət və maraqlı tərəflər analizi, dəyər təklifi, daxili motivasiya, qiymət strategiyası, strateji plan və biznes model/marketinq kimi mövzular əhatə olunub.
Öz sahələrində peşəkar olan mentorlardan Kristina Məmmədova, Şəbnəm Nuriyeva, Tengiz Ağakişiyev, Ülviyyə Axundova, Həvva Səfərova, Hüseyn Hümbətov və Kamran Məmmədovun iştirakı ilə təşkil edilən panel diskussiyalarda gənclər onları maraqlandıran suallara cavab tapıblar.
“Bootcamp” çərçivəsində, həmçinin onlayn formada baş tutan və böyük marağa səbəb olan “Mənim yolum” adlı tədbirdə Hakan Dülge, İlker Yasin Yiğit, Maria Zaluzhnaya və Olqa Yeremeyeva kimi xüsusi qonaqlar öz hekayələrini iştirakçılarla bölüşüblər.
“Bootcamp”ın bağlanış mərasimində Proqram meneceri Talifa İsgəndərli layihəyə dəstək göstərdikləri və dəyər qatdıqları üçün mentorlara təşəkkür edib.
Mərasimdə “Bootcamp”ın iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə öz dəstəyini verən birillik layihədir.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir.
Layihənin yekununda qalib komandalar mövcud investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaqlar.