REGİONLAR
Lənkəranda gənclər üçün insan hüquqları və təhsil mövzusunda seminar keçirilib
Lənkəran, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsində Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə “Azərbaycandan olan gənc liderlər və fəallar üçün insan hüquqları və demokratik vətəndaşlıq təhsili” mövzusunda təlimlər keçirilib. Təlimlərdə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin keçirilməsində məqsəd insan hüquqları təhsilinin gənclərlə iş sahəsinə inteqrasiya edilməsi və gənclərin biliklərinin artırılmasıdır.
Təlim məşğələlərində “Moodle” e-tədris platformasında gənclərin işləmək bacarıqlarını inkişaf etdirmək və onların sosial layihə ideyalarını müzakirə etmək məqsədilə iştirakçılara mentorluq (məsləhət) dəstəyi göstərilib.
Seminarda Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Rüstəm Abdullayev, Avropa Şurası Gənclər Departamentinin təlimçilər şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədova, “Gender Hub” sosial platformanın təsisçisi, gənclərlə iş üzrə təlimçi Məryəm Məmmədova və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir, təlimçi Sevinc Nəbizadə mövzu ilə bağlı çıxış ediblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.