CƏMİYYƏT
Lənkəranda gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına dair təlim keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olan “Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzində ikigünlük təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə xüsusi seçilmiş 21 gənc iştirak edib. Layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən region gənclərini üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirilmək və ideyalarını reallaşdırmaq üçün dəstəkləməkdir.
Layihə rəhbəri Şəbnəm İbadzadə Gənclər Fondunun fəaliyyət istiqamətləri haqqında məlumat verib, əsas hədəflər barədə iştirakçıları məlumatlandırıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, müasir dövrün tələblərinə uyğun daha kreativ ideyaların həyata keçirilməsində gənclərin iştirakının vacibliyini vurğulayıb.
Layihə çərçivəsində gənclər üçün biznes və karyera planlaşdırılması, sahibkarlıq fəaliyyəti, biznes nümunələri, investisiyaların cəlb olunması, maliyyə sektorları ilə əməkdaşlıq, rəqabət yaradacaq üstünlüklər, biznes etikası, risklərin idarə edilməsi, biznes-planın hazırlanması və s. mövzularda təlimlər keçirilib və qrup işləri təşkil olunub.