REGİONLAR
Lənkəranda ilin birinci yarısının yekunları müzakirə edilib
Lənkəran, 5 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2016-cı ilin altı ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrdən danışaraq bildirib ki, cari ilin birinci yarısında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam edib.
Ötən altı ay ərzində rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil edib. Sənayedə 17,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 56,4 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 89,8 faiz artaraq ümumi həcmdə onun xüsusi çəkisi 75,2 faiz təşkil edib.
Hesabat məruzəsində daha sonra rayonun sənaye müəssisələrində və aqrar sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 6 ay ərzində rayon ərazisində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri görülüb. 36 min kvadratmetr hasar və bardür rənglənib, 101 ədəd yeni müasir küçə işıqlandırıcıları quraşdırılıb, 11 min ədəd ağac, 23 min ədəd gül kolları əkilib.
Lənkəran şəhərində 19 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 binanın fasadı rənglənib, şəhərdə yollara 34 min kvadratmetr asfalt döşənib. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometr hissəsində cari və əsaslı təmir işləri aparılaraq asfaltlanıb.
Qeyd olunub ki, bu dövrdə rayon əhalisinin məşğulluq problemlərinin həllinə də diqqət artırılıb. Mənzil İstismar-Kommunal Müəssisələr İdarəsində 200 nəfər, Lənkəran şəhərində və Ürgə kəndində çoxmənzilli 15 yaşayış binasının təmiri işlərinə 304 nəfər işçi cəlb olunub. Cari ilin birinci yarım ilində rayonda ümumilikdə 1385 yeni iş yeri açılıb ki, bunun da 1066-sı daimi iş yerləridir.
Altı ayda əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər görülüb. Haftoni qəsəbəsində, Ləj və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılıb. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 məntəqəsindən 63-ü qazlaşdırılıb.
Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48 min 369 abonentdən 42 min 259-u qazlaşdırılıb. Bu, ümumi abonentlərin 87,4 faizini təşkil edir.
Hesabat məruzəsində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülmüş işlər və s. barədə ətraflı məlumat verilib, yeni Olimpiya İdman Kompleksinin, beşulduzlu onbirmərtəbəli otel kompleksinin tikintisinin davam etdirildiyi, Lənkəran şəhər 2 nömrəli oğlanlar üçün ailə tipli kiçik qrup evinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılıb.
Müzakirələrdə çıxış edənlər cari ilin altı ayında görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasını yekunlaşdıran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə rayonda çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd edib ki, bu sahədə toxumçuluqla məşğul olan elmi-tədqiqat müəssislərinin üzərinə mühüm vəzifələr düşür. Kənd təsərrüfatında durğunluq aradan qaldırılmalıdır. Yeni yaradılan Lənkəran Kənd Təsərrüfatı İdarəsi fəaliyyətini daha da canlandırmalıdır.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.