REGİONLAR


Lənkəranda ilk dəfə olaraq barama bəsləniləcək

Lənkəran, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 17-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən şəhər icra hakimiyyətinin geniş şura iclasında ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hesabat yığıncağında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini vurğulayıb. Bildirib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd təsərrüfatında 12,4 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən sənayedə 3,2 faiz, kənd təsərrüfatında 1,7 faiz çoxdur.

Qeyd olunub ki, bu müddətdə rayonda tikinti, abadlıq və quruculuq işləri daha da sürətlənib, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda, magistral yolların kənarında hasar və bardürlər təmir olunub.

Əşlə kəndində yeni avtomobil körpüsü tikilib, şəhərin Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub. Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi sürətlə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaxın günlərdə rayonda yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanılacaq.

Rüb ərzində rayonda 790-nı daimi olmaqla, 925 yeni iş yeri açılıb.

Cari ildə ilk dəfə olaraq rayonda barama bəsləniləcəyini deyən icra hakimiyyətinin başçısı bununla əlaqədar son hazırlıq işlərinin görüldüyünü və bu məqsədlə Çin texnologiyası üzrə müasir kümxananın tikildiyini diqqətə çatdırıb.

Sonra şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayevin bu ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi dinlənilib.

Hesabat məruzəsindən sonra çıxış edənlər bu ilin üç ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Sonda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.