REGİONLAR
Lənkəranda inşa ediləcək peşə təhsili kompleksində 1000-ə yaxın tələbə təhsil alacaq
Lənkəran, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Peşə təhsili sistemi kompleksi dedikdə, yalnız tədris korposundan söhbət getmir, burada, həmçinin tələbələrin istehsalat təcrübələrinin həyata keçirilməsi üçün müxtəlif sahələrin tədrisi ilə bağlı emalatxanaların, tələbələrin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün yataqxananın, idman meydançalarının və istirahət guşələrinin tikintisi də nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Lənkəranda jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini İdris İsayev söyləyib.
Lənkəran şəhərində tikiləcək peşə təhsili kompleksində kənd təsərrüfatının və sənayenin müxtəlif sahələri, o cümlədən xalçaçılıq, aşpazlıq ixtisaslarının tədrisinin həyata keçiriləcəyini bildirən İ.İsayev, peşə təhsili kompleksində 1000 nəfərə yaxın tələbənin təhsil alacağını diqqətə çatdırıb: “Yüksək peşə təhsili sistemində təhsil alan tələbələr bakalavr diplomu alacaqlar. Bununla da onlar qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul olunmaq imkanı qazanacaqlar.”