REGİONLAR
Lənkəranda insan alveri və məcburi əməklə bağlı müzakirələr aparılıb
Lənkəran, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mərkəzi Kitabxanasında keçirilən təlimdə “İnsan alveri və məcburi əməyə dair məsələlərdə məlumatlandırılma” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, “Hüquqi Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin məlumatlandırılması” layihəsi çərçivəsində baş tutan tədbirdə Lənkəranda fəaliyyət göstərən QHT-lərin və gənclər təşkilatlarının nümayəndələri, ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər insan alveri, bu bəlanı doğuran səbəblər, insan alveri və məcburi əməyi doğuran nəticələr, bu sosial bəla ilə mübarizənin qanuni əsasları, bu sahədə hüquqi tədbirlər barədə məlumat veriblər. Həmçinin “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ilə bağlı müzakirələr aparılıb, Lənkəran rayonunda insan alveri ilə mübarizə sahəsində görülən işlərdən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara insan alverinin fəsadlarına dair bukletlər paylanılıb.