REGİONLAR


Lənkəranda karantin rejimi qaydalarına nəzarət edilməsinə FHN-nin əməkdaşları və DSX-nin hərbçiləri də qoşulublar

Lənkəran, 1 aprel, Bağır Əliyev, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət etmək məqsədilə Lənkəran rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda xüsusi karantin rejimi qaydalarına nəzarət edilməsində Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis orqanlarının və digər qurumların təmsilçilərindən ibarət 750 nəfərlik qrupun üzvləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Dövlət Sərhəd Xidmətinin hərbçiləri də iştirak edirlər.

Rayonda əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin yerlərə giriş tamamilə məhdudlaşdırılıb.

Polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxışlarında və bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradılıb, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında maarifləndirici söhbətlər aparılır, vətəndaşlardan məsuliyyətli olmaları tələb edilir, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə onlara ətraflı məlumatlar verilir.

Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilir və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılır.

Xüsusi karantin rejimi qaydalarına nəzarət etmək və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun qəsəbə və kəndlərində də polis naryadları ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.