REGİONLAR


Lənkəranda keçirilən konfransda qəbul və buraxılış imtahanlarının yeni modeli barədə məlumat verilib

Lənkəran, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC

Gələn il Azərbaycanda buraxılış və qəbul imtahanlarında yeni model tətbiq olunacaq. Yeni modelin tətbiqi yeni yanaşmalar da tələb edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə noyabrın 8-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilən konfransda bəhs olunub.

Tədbirin keçirilməsində məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Toplantıda DİM-in əməkdaşları, şəhər icra hakimiyyətinin məsul işçiləri, Lənkəran Dövlət Universitetinin müəllimləri, ətraf rayonlarda yerləşən kolleclərin direktorları, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.

Konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev DİM-in fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Mərkəz biliyin qiymətləndirməsi üzrə 26 illik təcrübəyə malikdir. Bu gün DİM ali təhsilin müxtəlif səviyyələrindən tutmuş dövlət qulluğuna qədər müxtəlif sahələrdə yüksək əhəmiyyətli qəbul imtahanları və digər prosedurları həyata keçirir. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, Mərkəzin fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi bütün elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodik vəsaitlər, dərsliklərin monitorinqi, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlərə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin regionlarda keçirdiyi ilk konfrans noyabrın 3-də Gəncədə, ikinci konfrans isə noyabrın 5-də Şəki şəhərində təşkil olunub. Növbəti konfranslar noyabrın 13-də Naxçıvanda, noyabrın 17-də isə Bakı şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.