REGİONLAR
Lənkəranda keçirilən seminar-müşavirədə Azərbaycanda dövlət-din münasibətləri ilə bağlı müzakirələr aparılıb
Bakı, 17 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbiri açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil etdiyi qurumun dini dəyərlərin təbliği istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən sədrin birinci müavini dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyinə toxunub.
Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, dövlət-din münasibətlərini özündə əks etdirən müddəalar barədə də danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını deyib. Bildirib ki, dünyada dinlərarası və məzhəblərarası münaqişələrin baş verdiyi dövrdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. S.Salahlı tolerantlığın radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dini sahədə sabitliyin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə 2200-dən çox məscidin olduğunu vurğulayan Q.Axundzadə son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işlərini, yeni dini ibadətgahların inşasını dövlətimizin başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsi adlandırıb.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev dini radikallığın mahiyyəti və meyarlarından söhbət açıb. Dini radikalizmə zəmin yaradan amillər barədə danışan natiq din uğrunda edilən müharibələr və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətlərinin dini radikalizmin bariz örnəklərini təşkil etdiyini bildirib.
İslam dininin sülhsevərliyi, tolerantlığı təbliğ etməsindən, həmçinin zorakılığa və terrora qarşı olmasından bəhs edən “Üfüqdəki gələcək” filminin də nümayiş etdirildiyi ikigünlük seminar-müşavirə müzakirələrlə işini yekunlaşdırıb.