REGİONLAR
Lənkəranda kiçik tut odlucasına qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 24 sentyabr, AZƏRTAC
Lənkəran rayonu ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.
Dövlət Fitosanitar Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında 4 hektar sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə zamanı çiləmə üsulu ilə alfa-sipermetrin tərkibli “Siperkor 25 EC” preparatından (0.3 l/ha - 250 qr/l tərkibdə) istifadə olunub. Hazırda davam etdirilən müşahidə və mübarizə tədbirləri İstisu və Liman qəsəbələrini və Aşağı Nüvədi kəndini əhatə edir. Eyni zamanda, mütəxəssislər tərəfindən fermer təsərrüfatı sahiblərinə müvafiq tövsiyələr verilir və zərərvericilərə qarşı mübarizənin aparılması qaydası izah olunur.
Kiçik tut odlucası yarpaqların 70-80 faiz yeyilməsinə səbəb olur və ağacın quruması təhlükəsi yaranır. Payızda çəkil və tut ağaclarının ətrafında tökülmüş yarpaqlarının toplanaraq yandırılması qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda, eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 santimetr dərinliyində bellənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.
Kəpənəklərin kütləvi uçuşa başlamasından 10 gün sonra kimyəvi inseksidlərdən, odluca əleyhinə sipermetrin tərkibli 25 faizli e.k. Arrivo (1,2 l/ha), alfa-sipermetrin tərkibli 10 faizli e.k. Alfa Sipi (0,4 l/ha) və 10 faizli e.k. Fastak (1,2 l/ha), deltametrin tərkibli 10 faizli e.k.Desis (0,1 l/ha), lyambda-siqalotrin tərkibli 5 faizli m.k.s. Karate zeon (0,4 l/ha) və 5 faizli e.k. Kunq-fu (0,4 l/ha) preparatlarından istifadə etmək səmərəlidir.