REGİONLAR
Lənkəranda koronavirus infeksiyası ilə mübarizə istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub
Lənkəran, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə koronavirus infeksiyası ilə mübarizə istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, həyata keçirilən tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmalı, yaşayış məntəqələrində sanitar-epidemioloji normalara ciddi əməl olunmalı, xüsusilə, idarə, müəssisə və təşkilatlarda gündəlik iş prosesi zamanı işçilərin say həddi gözlənilməli və zəruri mühafizə vasitələrindən istifadə edilməlidir.
Onlayn müşavirədə Prezident İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri zamanı koronavirus infeksiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlər bir daha diqqətə çatdırılıb.
Qeyd olunub ki, yaşayış məntəqələrində, ictimai yerlərdə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işləri daha da gücləndirilməli, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsinə diqqət artırılmalı, vətəndaşların bir yerə toplaşmasının qarşısı alınmalıdır.
Çıxışlarda, həmçinin yaşı 65-dən yuxarı olan insanların, eləcə də, tənha, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb.
Onlayn tədbirdə yay mövsümü ilə əlaqədar meşələrin, əkin sahələrinin, otlaqların, park və bağların yanğından qorunması ilə bağlı əhali arasında təbliğat-izahat işlərinin gücləndirilməsi, məişət tullantılarının vaxtında yığılıb daşınması, dənizsahili ərazilərdə, çaylarda, çimərlik kimi istifadə olunan yerlərdə karantin rejiminin tələblərinə və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunması, havaların quraq keçməsi ilə əlaqədar suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi ilə bağlı müzakirələr aparılıb.