REGİONLAR
Lənkəranda məktəblilər arasında şahmat turniri keçirilib
Lənkəran, 28 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 28-də Lənkəran Rayon Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Pandemiya qaydalarına uyğun olaraq 16 yaşadək məktəblilər arasında keçirilən yarışda 10 şagird qələbə uğrunda mübarizə aparıb.
Şahmat turnirinin yekun nəticələrinə əsasən, Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin VIII sinif şagirdi İbrahim Bağırov birinci, şəhər 4 nömrəli məktəb-liseyin IX sinif şagirdi Gülsənəm Ağayeva ikinci, Digah kənd tam orta məktəbin VI sinif şagirdi Hüseyn Əsədov üçüncü yerlərə layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz dünyada güclü dövlət kimi tanınır.
Sonda qaliblərə diplomlar təqdim olunub.