REGİONLAR


Lənkəranda möhtəşəm Novruz şənliyi

Lənkəran, 20 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 20-də Lənkəran şəhərinin bayramsayağı bəzədilmiş Qala xiyabanında və Həzi Aslanov Parkında Novruz şənliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Dədə Qorqudun xalqımızın milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan, yurdumuza Baharın gəlişini, doğma təbiətin canlandığını, torpağın oyanışını xəbər verən Novruz barədə çağırışı ilə başlayıb.

Minlərlə lənkəranlının və xarici ölkələri təmsil edən qonaqların böyük maraqla izlədikləri Novruz şənliyində bayram tonqalı yandırılıb.

Ümumrayon tədbirində rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri, uşaq bağçalarının körpə fidanları rəngarəng mahnılar və rəqslər ifa ediblər.

Mərasimdə, həmçinin Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, çay, çəltik və sitrus məhsullarından ibarət sərgilər və təndirdə el adəti ilə çərşənbə ləvəngi balığının sac üstündə bişirilməsi canlı olaraq nümayiş etdirilib.

Bacarıqlarını göstərən idmançıların nümunəvi çıxışları, bəzəkli faytonda tədbirə qatılan Novruzun personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlikdə çıxış edərək rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

İcra başçısı çıxışında dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə yaşadıqlarını diqqətə çatdırıb.

Builki Novruz bayramının xalqımızın həyatında əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayan T.Qaraşov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi, bütün sahələrdə parlaq nailiyyətlərin qazanıldığını bildirib.

Novruz şənliyi bayram konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.