REGİONLAR
Lənkəranda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanıldı
Lənkəran, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “QAZ 3302” markalı yük avtomobili ilə axşam saatlarında rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu müəyyən olunub.
Ərazidə xidmət aparan dövlət yol polisinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, C.Seyfiyev nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Ceyhun Seyfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunub. İnzibati protokol baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.