REGİONLAR


Lənkəranda orta əsrlərə aid tapılan maddi–mədəniyyət nümunələrinin yaşının 3 min il olduğu ehtimal edilir VİDEO

Lənkəran. 16 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Həyətyanı sahəsində qazıntı işləri aparan Lənkəran rayonunun Velədi kənd sakini təqribən 1 metr dərinlikdə orta əsrlərə aid saxsı qablar aşkarlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Elmlər Akademiyasının əməkdaşları artıq əraziyə baxış keçiriblər. Tapılan maddi–mədəniyyət nümunələrinin təqribən 3 min il yaşı olduğu ehtimal edilir.

Lənkəran rayonunun Velədi kənd sakini Tahir Əsgərlinin sözlərinə görə, qazıntı işləri zamanı maddi-mədəniyyət nümunələrinə, saxsı qablara təkcə öz həyətyanı sahəsində deyil, həmçinin digər ərazilərdə də rast gəlinib. “Həyətimdə qazıntı işi aparılırdı. Qazıntı zamanı qeyri–adi saxsı qablara rast gəldik. Dərhal aidiyyəti qurumlara məlumat verdim. Onlar əraziyə baxış keçiriblər”, - deyə kənd sakini qeyd edib.

Tapılan tarixi əşyalarla bağlı ev sahibi Lənkəran Regional Elmi Mərkəzinə müraciət edib. Mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov və tarix üzrə fəlsəfə doktoru, arxeoloq Mais Cəfərov tərəfindən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, Velədi kəndinin ərazisində, Lənkərançayın sağ sahilində, Bakı-Astara magistral yolunun sağında, Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə hasar tikintisi ilə əlaqədar qazılan xəndəkdə 40 santimetr dərinlikdən orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatları aşkarlanıb. Ərazidən aşkarlanan saxsı məmulatları burada mədəni təbəqənin qalınlığı 1 metrdən çox, təqribən 2 hektar sahəyə malik və IX-XI əsrlərə aid yaşayış yerinin mövcudluğunu deməyə əsas verir. Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığından mədəni təbəqə ciddi dağıntılara məruz qalıb və onun mikrorelyefi pozulub. Həmin ərazidən təqribən 1 kilometr şərqdə isə həyətlərin birində quyu qazılarkən təqribən 3-4 metr dərinlikdən erkən orta əsrlərə aid buxurdan və saxsı qazan tapılıb.

Arxeoloq Mais Cəfərov bu tapıntıların son tunc dövrünü əhatə etdiyini bildirərək deyib: “Biz bir çox tədqiqatçılarımızın Qəbələdə, Şəmkirdə və Lerikdə aşkarladığı maddi-mədəni abidələrə baxsaq və onlarla müqayisə etsək, bu tapıntıların son tunc dövrünü əhatə etdiyini bilmiş olarıq. Bu da sübut edir ki, Velədi yaşayış məskəninin 3 min illik tarixi var. Əlavə olaraq, bu ərazidə eyni dövrə aid 1 ədəd Sasanilərə məxsus sikkə tapılıb. İki il bundan əvvəl də bu ərazidə Buveh Oğlanlarının sikkələri aşkarlanıb. Bütün bunlar bizim dediyimiz sözləri sübut edir. Bu, arran keramika məktəbinin özəlliyidir”.

Qeyd edək ki, hələ bir neçə il əvvəl də oxşar tapıntılar Velədi kəndində həyətyanı sahədə quyu qazılarkən aşkar edilib. Bütün bunlar Lənkərançayın sağ sahilində orta əsrlərə aid zəngin arxeoloji abidələrin olması ehtimalını yaradır. Bu abidələrdə mədəni təbəqənin xarakterini dəqiq müəyyən etmək üçün gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.