CƏMİYYƏT
Lənkəranda “patı” kimi tanınan psixotrop maddənin satışı ilə məşğul olan şəxslər saxlanılıb
Bakı, 12 iyul, AZƏRTAC
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər rayon polis şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb. Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun, həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyənləşdirilib. Polis əməkdaşlarının F.Həmdəmovun yaşadığı evə keçirdikləri baxış zamanı oradan 1 kiloqramdan çox heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.
Eyni gündə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır