CƏMİYYƏT
Lənkəranda pediatrlar üçün təşkil edilən səyyar kurs başa çatıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda təşkil etdiyi səyyar kurs başa çatıb.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursda Lənkəranda işləyən həkimlərlə yanaşı Masallı, Lerik və Astaradan olan həkim-pediatr, neonatoloq və ailə həkimləri də iştirak ediblər.
Kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkil prinsipləri, təxirəsalınmaz vəziyyətlərin semiotika, diaqnostika və tibbi yardımın həyata keçirilməsi məsələləri ilə həkimlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Eyni zamanda müdavimlərə təxirəsalınmaz vəziyyətlərin qarşısının alınması barədə məlumatlar da təqdim edilib.
Dərslər İnstitutunun pediatriya kafedrasının əməkdaşları - professorlar Rəqsanə Məmmədova və Aslan Həsənov, dosentlər Mətanət Qaraxanova və Sənubər Vəliyeva tərəfindən aparılıb.