REGİONLAR
Lənkəranda qəbul imtahanlarında hər hansı qanun pozuntusu qeydə alınmayıb
Lənkəran, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də Lənkəranda 2016/2017-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, qəbul imtahanları 4 mərkəzdə - Lənkəran şəhər 2, 4 və 5 nömrəli, Sütəmurdov kənd tam orta məktəblərinin binalarında keçirilib. 15 nəfər ümumi imtahan rəhbərinin və 172 nəzarətçi-müəllimin iştirak etdiyi qəbul imtahanlarında 1867 abituriyent bilik və bacarığını sınayıb.
Qəbul imtahanlarında iştirak edən abituriyentlərə buraxılış vərəqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib.
İmtahanlarda abituriyentlərə hər fəndən 25 sual olmaqla, ümumilikdə, 125 test tapşırığı verilib.
II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili (Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili) fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili fənlərindən 4 sual açıq tipli test tapşırıqlarıdır.
Qəbul imtahanları zamanı heç bir qanun pozuntusu və insident qeydə alınmayıb.