REGİONLAR


Lənkəranda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının yerində yenisi tikilərək istifadəyə verilib

Lənkəran, 4 may, Bağır Əliyev, AZƏRTAC

Son illər Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Lənkəranda çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilərək yenidən qurulub, qəzalı vəziyyətdə olan 19 çoxmənzilli binada əsaslı bərpa-gücləndirmə və təmir işləri aparılıb, 1 qəzalı çoxmənzilli bina isə yaşayış üçün təhlükəli olduğundan sökülərək yerində yeni beşmərtəbəli, ikigirişli bina inşa olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tikilən bina 5-i beşotaqlı, 5-i dördotaqlı, 5-i üçotaqlı, 5-i isə ikiotaqlı olmaqla, 20 mənzildən ibarətdir. Hər bir mənzilə elektrik və su sayğacları, eləcə də istilik sistemləri quraşdırılıb, mənzillərə seyf qapılar qoyulub.

Yaşayış binasının həyətində yaşıllıq zolağı salınıb, ətrafa asfalt örtüyü döşənərək, ərazidə sakinlər üçün istirahət guşəsi yaradılıb.

Tikintinin aparıldığı müddətdə binadan köçürülmüş ailələr dövlət hesabına kirayə mənzillərlə təmin olunub, onlara davamlı diqqət və qayğı göstərilib.

Mayın 4-də hər cür şəraitə malik, yaraşıqlı mənzillərinə qayıdan sakinlər yeni binanın açılışını sevinc hissi ilə qarşılayıblar.

Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının davamlı şəkil aldığını vurğulayıb. Bildirilib ki, rayonun sosial-iqtisadi həyatının bütün sahələrində, genişmiqyaslı abadlıq-quruculuq işlərində əldə olunan nailiyyətlər və həyata keçirilən investisiya layihələri, xüsusilə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər bunun parlaq sübutudur.

Tədbirin sonunda yeni binanın sakinlərinə mənzillərin açarları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.