REGİONLAR
Lənkəranda qış turizminin inkişafı üçün əlverişli şərait var
Lənkəran, 21 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Lənkərana da qış fəslində turistləri cəlb etmək mümkündür. Bölgənin mövcud potensialından istifadə etməklə burada qış turizminin inkişafı üçün əlverişli şərait var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunmuş Lənkəran rayonunda qış turizminə maraq göstərənlər az deyil. Turistlərin əksəriyyəti qış aylarında əsasən dağlıq ərazilərdə dincəlməyə üstünlük verirlər.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, əgər əvvəllər rayonda yaz və yay ayları turizm mövsümü sayılırdısa, indi ilin bütün aylarında burada turist görmək olur. Ötən ilin noyabr və dekabr aylarında əvvəlki illə müqayisədə Lənkərana gələn turistləri sayı 12 faiz artıb.
Turistlərin sayının çoxluğu nəzərə alınaraq Lənkəranda iki böyük otel inşa olunur. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Burada qış turizmi üçün lazımi şərait yaradılır.
Lənkəranda keçirilən “Çay, çəltik və sitrus festivalı” da rayona turist axınına səbəb olub.
Ələt-Astara beynəlxalq avtomobil yolunun, Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi, Lənkəran Hava Limanında aviareyslərin sayının artırılması rayonda qış turizmini inkişaf etdirmək üçün real imkanlar açır.
Bakı-Astara dəmir yolu zolağının Xəzər dənizinin ölkəmizin cənub bölgəsinin ərazisindən keçən hissəsinin yerinin dəyişdirilməsi də bölgədə, o cümlədən Lənkəran rayonunda turizmin inkişafına təkan verəcək.
Ölkəmizin cənub bölgəsinin “Cənub rekreasiya zonası” elan olunması nəzərdə tutulub. Bu isə öz növbəsində bölgədə turizm sektorunun inkişafına böyük töhfə verəcək. Artıq bu məqsədlə ekstremal və qış turizmi üçün əlverişli olan ərazilər də müəyyən edilib.