REGİONLAR
Lənkəranda şəhid mayor Aqşin İbadovun xatirəsi anılıb
Lənkəran, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonu Boladı kənd 1 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mayor Aqşin İbadovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən məktəbin məzunu Aqşin İbadovun qəhrəmanlığından danışıblar.
Məktəbin şagirdləri şəhid mayor Aqşin İbadovun yazdığı şeirləri söyləyiblər.
Mərasim iştirakçıları məktəbdə igid döyüşçünün adına yaradılan guşədə onun döyüş yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qeyd edək ki, Aqşin İbadov 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub. O, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Zəngilan uğrundakı döyüşlərdə şəhid olub. Boladi kəndində dəfn edilib.
Şəhid mayor “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. İgid döyüşçü ailəli idi, bir qızı ondan yadigar qalıb.