REGİONLAR
Lənkəranda şəhidlərin xatirəsi ehtiramla anılıb
Lənkəran, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonunun Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin doğum günləri ilə əlaqədar onların ailə üzvləri ilə görüşlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Lənkəran rayonunun Sütəmurdov kəndində şəhid Qüdrət Məmmədzadə və Balıqçılar qəsəbəsində şəhid Kamran Vəlizadənin ailə üzvləri ilə görüş keçirilib.
Görüşlərdə Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov, Balıqçılar qəsəbə məscidi dini icmasının sədri Abuzər Xankişiyev iştirak ediblər.
Tədbir iştirakçıları şəhid ailələrinin problemləri, onların üzləşdiyi çətinliklərlə maraqlanıb, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Şəhid ailələrinə müqəddəs Qrani-Kərim və hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları, həmçinin hər iki şəhidin məzarı önünə gül dəstələri düzərək, dualar oxuyublar.