REGİONLAR
Lənkəranda sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrası ilə bağlı reyd keçirilib
Lənkəran, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 3-də Lənkəranda koronavirus (COVID-19) pandemiyasının rayonun ərazisində yayılmasının qarşısının alınması, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd əsasən Lənkəran şəhərinin mərkəzi küçə və meydanlarını, avtovağzal, mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərdə Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, koronavirus infeksiyası ilə mübarizə məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ölkəmizin bir sıra şəhər və rayonları ilə yanaşı, Lənkəranda da karantin rejiminin müddəti iyulun 20-dək uzadılıb.
Diqqətə çatdırılıb ki, vətəndaşlar sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməli, gigiyenik vasitələrdən, o cümlədən tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməli, insanlarla təmas məsafəsini gözləməlidirlər.
Reyd zamanı, həmçinin aidiyyəti qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Sakinlər koronavirus pandemiyası ilə mübarizə məqsədilə dövlətimizin həyata keçirdikləri tədbirləri razılıqla qarşıladıqlarını, bu sahədə qəbul edilən bütün qərarların insanların sağlamlığına xidmət etdiyini bildiriblər.
Reyd zamanı sakinlərə tibbi maskalar paylanılıb, gücləndirilmiş karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlar polis tərəfindən inzibati qaydada cərimələniblər.