REGİONLAR
Lənkəranda sosial aksiyalar keçirilib
Lənkəran, 8 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 7-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran və Liman şəhərində, rayonun Nərimanabad qəsəbəsində “Siqaretə yox!”, “Alkaqola yox!”, “Biz narkomaniyaya yox deyirik!”, “Ailəmizi COVID-19-dan qoruyaq” devizi ilə sosial aksiyalar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhər Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman Məktəbibinin, Nərimanabad ərazi icra nümayəndəliyinin əməkdaşlarının, könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçirilmiş brifinqdə qarşıya qoyulmuş tələblərə, verilən tövsiyyələrə riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Aksiya iştirakçıları sakinlərlə maarifləndici söhbətlər zamanı gənc nəsli zərərli vərdişlərdən qorumağın, idmana cəlb edilməsinin, fiziki sağlamlığının qorunmasının, zərərli vərdişlərdən zərər görmüş şəxslərə kömək edilməsinin və onlara mənəvi dəstək göstərilməsinin vacib olduğunu qeyd edərək, pandemiya şəraitində ehtiyatlı və diqqətli davranışın zəruriliyini vurğulayıblar.
Aksiya keçirilmiş ərazilərdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış maarifləndirici banerlər ticarət və ictimai iaşə obyektlərinin qarşısında yapışdırılıb, sakinlərə maarifləndirici bukletlər paylanılıb.