CƏMİYYƏT
Lənkəranda top mərmisi və 3 ədəd tank əleyhinə mina aşkar edilib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Nərimanabad 1 qəsəbəsində dəniz sahilinə baxış keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticədə 1 ədəd 73 millimetrlik geri təpməsiz top mərmisi (OQ-9) və 3 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilib. Aşkar olunmuş geri təpməsiz top mərmisinin partladıcısının üzərində olmasını və günün sona çatmasını nəzərə alaraq 3 ədəd mina və 1 ədəd geri təpməsiz top mərmisi avqustun 5-də partlayış yolu ilə yerində zərərsizləşdirilib, min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən avqustun 4-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 5851 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4.695.877 kvadratmetr ərazi (718.093 kvadratmetr əl ilə, 1.607.140 kvadratmetr mexaniki üsulla, 113.000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2.257.644 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.