REGİONLAR
Lənkəranda ümumi məhsul istehsalı 4,1 faiz artıb
Lənkəran, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən iclasda bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, geniş şura iclasında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn və qarşıda duran vəzifələrdən danışıb.
Dövlətimizin başçısının Lənkərana diqqət və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüşün yarandığını vurğulayan T.Qaraşov hesabat dövründə genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, irihəcmli investisiya layihələrinin icra olunduğunu, yeni layihələrin icrasına başlanıldığını bildirib.
Qeyd olunub ki, bu ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil edib. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunub. Doqquz ayda rayonda 2058 yeni iş yeri açılıb. Bunun 1610-u daimi iş yerləridir.
Bildirilib ki, bu il Lənkəranda 6550 hektarda yazlıq bitkilər əkilib. İndiyədək sahələrdən 105028 ton tərəvəz, 7311 ton meyvə, 2411 ton bostan bitkiləri yığılıb, 302 ton yaşıl çay yarpağı və 621,7 ton çəltik istehsal edilib.
Bu dövrdə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 0,4 faiz artıb.
Məruzədə qeyd olunub ki, bu ilin doqquz ayında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bir sıra infrastruktur layihələri həyata keçirilib. 26 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 binanın fasadı rənglənib, şəhərin prospekt və küçələrinə asfalt döşənib. Həmçinin Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometr hissəsində cari və əsaslı təmir işləri aparılıb.
Hesabat dövründə əhalinin normal elektrik enerjisi və təbii qazla təchizatı, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində də tədbirlər həyata keçirilib. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla, rayonun 93 yaşayış məntəqəsindən 65-i qazlaşdırılıb. Ümumilikdə, rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48369 abonentdən 42493-ü təbii qazla təmin olunub. Bu, ümumi abonentlərin 87,6 faizini təşkil edir.
Müzakirələrdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov və qaz istismarı sahəsinin rəisi Anar Rzayev görülən işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.