REGİONLAR
Lənkəranda yaşıllaşdırma aylığına start verilib
Lənkəran, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Son illər Lənkəranda yaşıllaşdırma işlərinə diqqət artırılıb. Hər il şəhərin park və bağlarında, yaşayış məntəqələrində, magistral yollar boyunca müxtəlif növ ağaclar əkilir, onlara vaxtında aqrotexniki qulluq göstərilir və mühafizə tədbirləri görülür.
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunda növbəti yaşıllaşdırma aylığına start verilib.
İlk ağacəkmə aksiyası zamanı şəhərin hava limanı ərazisində 700 ədəd və Ələt-Astara magistral yolunun Lənkəran şəhərinin ərazisindən keçən hissəsində 250 ədəd Eldar şamı, küknar, sərv və dəmirağac əkilib.
Yeni əkilmiş ağaclar suvarılaraq dayaqlarla möhkəmləndirilib, 250 metr uzunluğunda qoruyucu zolaq yaradılıb.
Yaşıllaşdırma aylığı çərçivəsində rayonun idarə, müəssisə və təşkilatları tərəfindən də ərazilərdə müxtəlif növ ağac və gül kolları əkilib.