REGİONLAR
Lənkəranın Haftoni qəsəbəsinə təbii qaz verilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq sentyabrın 11-də Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, 612 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 883 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 min 424 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda rayonun Mollakənd və Şovu kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Sakinlər qəsəbəyə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.