REGİONLAR
Lənkəranın gənc könüllüləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər
Lənkəran, 19 may, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, Lənkəranda dövlət qurumlarının və gənc könüllülərin əlaqələndirilmiş fəaliyyəti davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə pandemiya dövründə rayonun dövlət qurumları şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri ilə əlaqələndirilmiş formada fəaliyyət göstərirlər.
Lənkəran Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri pandemiya dövründə rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.
Rayonun gənc könüllüləri Heydər Əliyev Fondu və yerli xeyriyyəçilər tərəfindən imkansız şəxslərə verilən 10 minə yaxın ərzaq bağlamasının çatdırılmasında iştirak edib, vətəndaşlara tibbi maska və spirtin verilməsində, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında, vətəndaşlara metodik vəsaitlərin paylanmasında fəallıq nümayiş etdirirlər.
Könüllülər şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı və Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin sosial işçiləri ilə birgə yaşı 65-dən yuxarı tənha insanlara və yardıma ehtiyacı olan ahıllara ərzaq yardımlarının paylanmasına, onların zəruri ehtiyaclarının qarşılanmasına, vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə kömək göstəriblər.
Şəhər Təhsil Şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun könüllü müəllimləri şagirdlərə virtual dərslərin keçirilməsində fəal iştirak edərək könüllü olaraq dərs tədris edirlər.
Mobil qruplar tərəfindən “Karantin rejiminin yumşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi ilə vətəndaşların maarifləndirilməsində, onlara tibbi spirt və tibbi maskaların paylanılmasında dövlət qurumlarının işçiləri ilə yanaşı, şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və Gənclərin İnkişafı və Karyera Mərkəzinin 30-dan çox könüllüsü iştirak edir.
Rayon gəncləri, xüsusilə də könüllülər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək, pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha göstərirlər.