REGİONLAR
Lənkəranın heyvandarlıq təsərrüfatlarında süni mayalandırmaya maraq artıb
Lənkəran, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC
Son illər Lənkəran rayonunun heyvandarlıq təsərrüfatlarında mal-qaranın süni mayalandırılmasına maraq artıb.
AZƏRTAC xəbər verir ki, 2017-ci il yanvarın 1-dən süni mayalandırma yolu ilə alınan hər buzova görə dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi fermerlərin işini xeyli asanlaşdıracaq.
Lənkəran Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev süni mayalandırma yolu ilə alınan hər buzova görə 100 manat subsidiyanın verilməsi ilə əlaqədar işçi qrupu yaradıldığını bildirib.
Rayonda altı süni mayalandırma texnikinin fəaliyyət göstərdiyini qeyd edən T.Rzayev 2016-cı il yanvarın 1-dən etibarən doğulan buzovların müvafiq rayon komissiyaları və kənd təsərrüfatı idarələrinin işçi qrupları tərəfindən qeydiyyata alındığını, yığılan məlumatların Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcəyini, subsidiyaların plastik kartlar vasitəsilə veriləcəyini diqqətə çatdırıb.