REGİONLAR
Lənkəranın kənd yolları əsaslı təmir olunur
Lənkəran, 24 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 kilometr olan yolların asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə, ümumilikdə 40 min nəfərə yaxın sakinin gündəlik olaraq rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq.
Artıq rayonun şəhərə ən yaxın olan Sütəmurdov və Velədi kəndlərində əsas hərəkət yollarının asfaltlanması həyata keçirilir. Ərazidə xeyli sayda texnika çalışır. Tikintinin bütün texniki qaydaları gözlənilməklə işlər aparılır.
Yollar əvvəlcə qreyderlə hamarlanır, köhnə yolun yatağına çınqıl səpilərək bərkidilir. Hazırlanmış yeni yol yatağına xüsusi qatqı səpilməklə toz qatı aradan götürülür. Üzərinə qalın isti asfalt qatı döşənilir. Yolboyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür.
Yolların tikintisini “Lənkəran Yol Tikinti” ASC həyata keçirir.
Yerli sakinlər dünyada koronavirus pandemiyası ilə əlaqədar durğunluq yaşandığı bir dövrdə ölkəmizdə həyata keçirilən belə layihələri razılıqla qarşılayırlar.
Qeyd edək ki, bundan əvvəl Lənkəran və Liman şəhərlərində daha 8 küçə, Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yollara da asfalt döşənib.