REGİONLAR
Lənkəranın meşə massivində 85 hektardan çox sahədə yeni meyvə bağları salınıb
Lənkəran, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ötən il Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən meşə massivində 85,6 hektar sahədə yeni meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisənin işçiləri meşə sahəsini genişləndirmək məqsədilə ərazidə xan çinarı, ağcaqayın, vələs və sərv ağaclarının əkinini aparmaqla yanaşı, 14,1 hektarda tut, 14 hektarda feyxoa, 1,4 hektarda limon, 3,2 hektarda mandarin, 1 hektarda portağal, 0,90 hektarda armud, 0,70 hektarda gavalı, 5,5 hektarda alma, 3,7 hektarda gilas, 2,9 hektarda xurma və 5.1 hektar sahədə əzgil tingləri əkiblər.
Ağacları qış fəslində şaxtadan qorumaq üçün müəssisə tərəfindən qabaqlayıcı tədbirlər görülüb.
Bundan başqa, meşə ərazisində dekorativ bitki ağaclarının əkini də keçirilib. Əkilən həmişəyaşıl ağacların bir qismi xarici ölkələrdən gətirilib.
Müəssisə tərəfindən meşə ərazilərində tut və xurma bağlarının genişləndirilməsi də nəzərdə tutulub.