REGİONLAR


Lənkəranın uşaq bağçalarında “Ərzaq təchizatına özün nəzarət et” adlı ictimai tədbir keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC 

Oktyabrın 2-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Lənkəran şəhərinin uşaq bağçalarında “Ərzaq təchizatına özün nəzarət et” adlı ictimai tədbir keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının əməkdaşları, valideynlər, ictimai təşkilat nümayəndələri səhmdar cəmiyyətin rayon üzrə dayaq məntəqəsindən başlayaraq ərzaq məhsullarının təchizat sxemini müşahidə ediblər.

Səhmdar cəmiyyətin Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli iştirakçılara məlumat veriblər ki, Prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir.

Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, paytaxtla yanaşı 12 regionda bölmələr, 38 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlara uyğun olaraq uzunmüddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla ( körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 836 sayda müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1865 sayda təchizat nöqtəsi yaradılıb.

2017-ci il üzrə 736 dövlət uşaq bağçası 29 min ton (dəyəri 43 milyon manat), 2018-ci ilin 8 ayı ərzində isə 709 uşaq bağçası 18 min ton (dəyəri 33 milyon manat) həcmində 27 adda ərzaqla təmin olunub.

Hazırda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonları üzrə 168 dövlət satınalan təşkilatı mövcuddur, bunlardan 136-sı uşaq bağçasıdır. Cari ildə bölgədəki satınalan təşkilatlar üzrə 92 ton (1,6 milyon manatlıq), uşaq bağçaları üzrə isə 683 ton (1,2 milyon manatlıq) həcmində ərzaq məhsullarının tədarükü həyata keçirilib. Lənkəran şəhərində mövcud olan 65 uşaq bağçası üzrə 279 ton (490 min manatlıq) həcmində təchizat həyata keçirilib.

Daha sonra Lənkəran şəhər 5 və 17 saylı uşaq bağçalarında təchiz edilən ərzaqların bişirilməsinə, nahar prosesinin rasion üzrə təşkilinə baxış keçirilib. Prosesdə iştirak edən valideynlər balacalara verilən ərzaqların keyfiyyətindən razılıqlarını ifadə ediblər.

5 saylı bağçanın müdirəsi Səbirə Fərzullayeva bildirib:” Son iki ildə bağçamıza daxil olan ərzaq məhsullarının keyfiyyətində ciddi dəyişiklik olub. Ərzaq normativlərini “tedaruk.az” portalı vasitəsilə bir il əvvəldən elektron qaydada sifariş edirik. Bildiyiniz kimi, ölkə Prezidentinin Sərəncamı ilə ərzaq satınalınması mərkəzləşdirilmiş qaydada həyata keçirilir, iyun ayında uşaqlar üçün lazım olan ərzaqları portal vasitəsilə sifariş edirik. Bu asan, subyektiv yanaşma olmadan həyata keçirilən bir prosesdir”.

5 saylı uşaq bağçasının müdirəsi Aybəniz Hüseynova da ölkə rəhbərinin sərəncamından sonra ərzaq təchizatının keyfiyyətində müsbət dəyişmələrin olduğunu bildirib.

Səhmdar Cəmiyyətin təşkilatçılığı ilə ictimai nəzarət tədbirləri digər bölgələrdə də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.