İQTİSADİYYAT
Lənkəranın və Cəlilabadın elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 14 dekabr, AZƏRTAC
İlin əvvəlindən Lənkəran və Cəlilabad elektrik şəbəkəsi müəssisələri üzrə istehlakçıların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb. Bu tədbirlər itkilərin, o cümlədən kommersiya itkilərinin aşağı salınmasına, nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza hallarının minimum səviyyəyə endirilməsinə səbəb olacaq. Bu dövrdə paylayıcı şəbəkələrdə yenidənqurma, əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda, balansa aid olan transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib və bir neçə transformator əsaslı təmir edilərək şəbəkəyə qoşulub. Bu rayonların elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən Lənkəran elektrik şəbəkəsi üzrə 129,9 milyon kilovat-saatdan artıq, Cəlilabad elektrik şəbəkəsi üzrə isə 99,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib.