REGİONLAR


Lənkəranlı balıqçılar yeni mövsümə hazırlaşırlar

Lənkəran, 24 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın sonuncu həftəsindən etibarən Azərbaycanın cənub bölgəsində balıq mövsümü başlayır.

AZƏRTAC xəbər verir ki, yağışda, küləkdə, soyuqda sərt dalğalara sinə gərən balıqçılar yeni mövsümə hazırlıq işləri görürlər.

Balıqçının əsas silahı tordur. Tor qaydasında olmasa, balıq tutmaqdan danışmağa dəyməz. Bunu yaxşı bilən balıqçılar ilk növbədə torları yosundan və palçıqdan təmizləyib, sökülən ipləri isə yeniləyirlər. Balıqçı qayıqları da təmir edilərək saz vəziyyətə gətirilib.

Hər il sentyabrın ikinci həftəsindən başlayaraq dənizə ova gedən, ovdan qayıdan balıqçı qayıqlarını görmək olurdu. Bu il balıq mövsümü bir qədər gecikib.

Balıqçı Səxavət Həsənov bunun səbəbini belə izah edib: “Bu il havaların isti olması balıq mövsümünü gecikdirib. Hava isti olanda suda oksigen az olur. Balıqlar sahilə gəlmir, dərində sərin suları daha çox bəyənirlər”.

Dənizdən tutulan əsas balıqlar isə əsasən kütüm, külmə, şamayı, suf, çəki, çapak, kefal balıqlarıdır. Ən çox tələbat isə kütüm balığınadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.