REGİONLAR


Lənkəranlı fermer: Cənub bölgəsində feyxoa əkininə maraq ildən-ilə artır VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Bakı, 5 noyabr, AZƏRTAC

Feyxoa bitkisi elmə XIX əsrdən məlumdur. Bu bitki həmişəyaşıl ağaclar sinfinə aiddir. Əsl vətəni Cənubi Amerika hesab olunur, Braziliya, Kolumbiya, Uruqvay və Argentinada da yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək cənub rayonlarında əkilib. Feyxoanı sürətlə inkişaf edən təsərrüfat sahəsi saymaq olar. Həm də Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Lənkəranın İstisu qəsəbəsində feyxoa yetişdirən fermer Rəftarə Şükürova deyib.

O, Lənkəranda feyxoa əkininə marağın ildən-ilə artdığını söyləyir: “Bunun iki mühüm səbəbi var. Birincisi, daimi bazarın olması, istənilən vaxt əlverişli qiymətə satılması, ikincisi isə bitkinin aqrotexniki qulluğa o qədər də tələbkar olmamasıdır”.

Lənkəranlı fermerin təsərrüfatı 13 hektar ərazini əhatə edir: “Bunun 6 hektarı feyxoa, 3,5 hektarı kivi bağı, qalanı isə taxıl zəmisidir. Artıq 10 ildir bağımızdan bol məhsul toplayırıq. Hər bir ağac 3 ildən sonra bar verməyə başlayır. Bağlar toxum və vegetativ üsulla salınır. Feyxoa bağı gec məhsul verdiyinə görə isti yay günlərində suya tələbatı çox olur. Rütubəti sevir, buna görə də xalq arasında bir deyim var: “Feyxoa ağacı kökündən deyil, başından su içir”. Əgər mövsümdə rütubət istənilən səviyyədə olarsa, ağacın meyvələri iri olur və tez yetişir. Məhsuldarlığı da yüksək olur. Bağa yaxşı qulluq etməklə, hər hektardan 20 ton məhsul götürmək mümkündür”.

Rəftarə Şükürova feyxoanın orqanizm üçün çox xeyri olduğunu söyləyir. “Feyxoa yod mənbəyidir. İnsan orqanizminin yoda olan tələbatını tam ödəyə biləcək meyvələr çox azdır. Əgər hər kəs gündə iki feyxoa meyvəsi yeyərsə, orqanizminin yoda olan gündəlik tələbatını ödəmiş olar”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.