REGİONLAR
Lənkəranlı gənc əlilin həyat amalı
Lənkəran, 11 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Veravul kənd sakini, birinci qrup əlil Babək İsmayılovun nikbinliyi və mübarizliyi onun həyatda öz yerini tutmaqda əsas stimul olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq yaşlarından fiziki cəhətdən qüsurlu olduğunu dərk edən Babək başa düşür ki, həyatda öz yerini tutmaq üçün çox çalışmalı, güclü və möhkəm olmalıdır.
“Əlil insan o deyil ki, kiməsə əl açsın, kiminsə yardımı ilə yaşasın. O da cəmiyyətin bir üzvü kimi insanlara öz dəstəyini göstərməlidir. Bunun üçün çox çalışmaq, möhkəm iradəli olmaq gərəkdir. Böyük şair Nizami Gəncəvinin yazdığı bu misralar mənim həyat amalım olub: “Əlimi öyrətdim bir gün bu sənətə, Bir gün əl açım dilənməyim sənə”, - deyə o bildirib.
B.İsmayılov orta məktəbi bitirdikdən sonra sağlamlıq imkanları məhdud gənclərin peşə bərpası mərkəzinə müraciət edir. O, burada qısa müddətdə əl ilə toxunma sənətinin sirlərinə yiyələnir.
Qızıl güllər, müxtəlif geyimlər toxuyan Babək peşə məktəbinin musiqi dərslərində də özünü aktyor kimi sınayır. 9 May - Qələbə Günü münasibətilə hazırlanmış tamaşada uğurlu çıxışına görə sonralar Türkiyənin Ankara və Antaliya şəhərinə dəvətlər alır.
Babəkin böyük ruh yüksəkliyi, həyata nikbin baxışı, ən başlıcası, mübarizliyi onun qazandığı uğurların əsas mənbəyidir.
Öz əməyi ilə gəlir qazanmaq istəyən gənc əlilin bir arzusu var. Toxuduğu məişət əşyalarının və geyimlərin satışında ona dəstək olunmasını istəyir.