REGİONLAR
Lənkəranlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər
Lənkəran, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 sentyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Lənkəran rayonunda çağırışçı gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında keçirilən mərasimdə şəhər icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məsul işçiləri, şəhid ailələrinin, müharibə veteranlarının və ictimaiyyətin nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon söbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov, Milli Qəhrəman atası Ələkbər Əliyev, valideyn Xəyal İbadzadə hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs və şərəfli borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.
Çıxış edənlər əsasını Ulu Öndərimizin qoyduğu ordu quruculuğu proseslərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir silahlara malik olduğunu diqqətə çatdırıb, çağırışçılara bu silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənməyi və zabitlərin tapşırıqlarını vaxtında yerinə yetirməyi tövsiyə ediblər.
Çağırışçı gənclər adından çıxış edən Mirsalam Aslanzadə Vətənə, dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.
Lənkəranlı gənclər hərbi-vətənpərvərlik mahnılarının sədaları altında yüksək əhval-ruhiyyə ilə hərbi hissələrə yola düşüblər.