REGİONLAR
Lənkəranlı məktəblilərə narkomaniya və erkən nikahlarla bağlı tövsiyələr verilib
Lənkəran, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şıxəkəran kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.
O qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin, eləcə də yerli polis orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz, qətiyyətli mübarizə aparılır. Bununla yanaşı, yeniyetmə və gənclərin bu bəlaya düşməməsi, narkotikdən və digər zərərli vərdişlərdən uzaq durması üçün vaxtaşırı təhsil müəssisələrində və digər kollektivlərdə maarifləndirmə tədbirləri keçirilir. Bu cür tədbirlər artıq öz təsirini göstərməkdədir və bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Tədbirdə, həmçinin erkən nikah probleminə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.