REGİONLAR


Lənkəranlı məzunlar respublika üzrə yüksək nəticə əldə ediblər REPORTAJ VİDEO

Lənkəran, 9 iyul, İsmayıl Cəfərli, AZƏRTAC 

İyunun 18 və 19-da keçirilən buraxılış imtahanlarında Lənkəran məktəbliləri yüksək nəticə əldə ediblər. Həsən Abbaslı imtahanlarda iştirak edən 21 min abituriyent arasında birinci, Rüstəm Əzimzadə isə üçüncü yeri qazanıb.

AZƏRTAC xəbər verir ki, 11-ci siniflər üçün buraxılış imtahanında ən yüksək nəticə əldə edən Abbaslı Həsən İsgəndər oğlu Lənkəran Şəhər 1 saylı tam orta məktəb məzunudur. Həsən, həmçinin “İntellekt cəngavəri” mükafatının sahibi, “Lənkəran Klubu”nun üzvüdür. Bildirib ki, son aylar pandemiya səbəbindən dərslərini onlayn formada davam etdirib. O, dərslərini öyrənməklə bərabər, buraxılış imtahanlarına da ciddi hazırlaşıb: “Buraxılış imtahanında mümkün 300 baldan 297,1 bal yığdım. Ciddi hazırlaşdığıma görə, bu balı toplayacağıma inanırdım. Birinci ixtisas qrupu üzrə hazırlaşırdım. Məqsədim Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmaqdır. İkinci imtahan hələ qarşıdadır. Uğur qazanmaq istəyən abituriyent kimi maksimum bal yığmağı hədəfləmişəm”.

11-ci siniflər üçün buraxılış imtahanında Həsən Abbaslıdan sonra ikinci ən yüksək nəticəni 294.1 balla Goranboy rayonu Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Leyla Şirinova, üçüncü ən yüksək nəticəni isə 288.9 balla Lənkəran şəhəri, Liman 2 saylı şəhər tam orta məktəbin məzunu Rüstəm Əzimzadə göstərib.

Abituriyent Rüstəm Əzimzadə: “Ölkə üzrə yüksək nəticə göstərərək 3–cü yeri tutmaqdan sevincliyəm. Məqsədim hüquqşünas olmaqdır. Valideynlərim və müəllimlərim hər zaman mənə güvənib və dəstək olublar. Şükürlər olsun ki, onların etimadını doğrultdum”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.