REGİONLAR
Lənkəranlı müəllim toxuma üsulu ilə maraqlı oyuncaqlar hazırlayır VİDEO
Lənkəran, 18 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranın Osaküçə kənd sakini, ixtisasca ingilis dili müəllimi olan Gülay Fərzullayeva maraqlı formada oyuncaqlar hazırlayır. Hazırda Lənkəran rayonu Osakücə kənd Körpələr evi-uşaq bağçasında tərbiyəçi müəllim işləyən Gülay xanım oyuncaqları toxuma üsulu ilə hazırlayır. Toxumanı isə o, Rusiyada yaşadığı vaxt öyrənib.
AZƏRTAC xəbər verir ki, Gülay xanım oyuncaq toxumağa hobbi kimi başlasa da, ona yaxşı qazanc gətirməsi bu sənətdə daha çox irəliləməyə stimul verib və yeni oyuncaqlar toxumağı öyrənib. O, oyuncaqları tək mil ilə toxuyur: “Kiçik ölçülü oyuncaq dörd günə, böyük ölçüdə olanda bir həftəyə başa gəlir. Hər hansı bir oyuncağı görürəm, xoşuma gəlir, onu əvvəl özüm üçün toxuyuram. Bəyənən olursa ondan sonra sifarişləri qəbul edirəm. Toxumanı mənə Rusiyada yaşadığımız binada bir gözətçi xanım var idi, o öyrədib. Bunlar amiqurumi oyuncaqlar adlanır”.
Gülay deyir ki, 30-38 sm oyuncaqların ərsəyə gəlməsi üçün 10-15 manat vəsait lazımdır. Kiçik ölçülü oyuncaqlar üçün isə lap az vəsait tələb olunur: “Bu bayquşun qanadları, ayaqları və gözünə daha az sap gedir, ilmələri daha az olur. Oyuncaqların rəngini özüm seçirəm, yəni zövqə görə, ya da kimsə sifariş edəndə rənglərini özləri deyirlər, mən də toxuyuram”.
Toxucu müəllim əlində olan yarımçıq, artıq qalan saplardan istifadə edir. O, təkcə oyuncaq toxumur: “Top, şərf, papaq və s. də toxuyuram. Şəklini internetdə göstərirəm, oradan sifariş edirlər. Satış 15-30 manat arası olur. Toxuduqlarımdan hədiyyə etməyi çox sevirəm”.
Gülay toxuduğu oyuncaqlardan şəhid övladlarına hədiyyə edir. Deyir ki, “istədikləri oyuncağı sifariş edə bilərlər. Mən onlar üçün sevə-sevə, böyük fəxrlə toxuyaram”.