REGİONLAR


Lənkəranlı şagirdlər narkomaniya və erkən nikahların fəsadları barədə maarifləndiriliblər

Lənkəran, 17 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 8 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Lənkəran Rayon Polis Şöbəsinin və Təhsil Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, bu gün Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

İslam Hümbətov sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək, istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığını vurğulayıb.

Tədbirdə, həmçinin erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi qeyd olunub.

Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.