İDMAN
Lens Stroll: Bakıda 2017-ci ilin yürüşü həyəcanlı oldu
Bakı, 10 aprel, AZƏRTAC
Mən Şanxay yürüşündən nələr gözləyəcəyimi bilmirəm. Ümid edirəm ki, Bəhreyndəkindən daha rəqabətqabiliyyətli olacağıq, çünki Çində trass başqa tipdədir. Çində sürətli döngələrin maraqlı ahəngi var, bu səbəbdən sürmək xoşdur. Bəzi yerlərdə trass çox enlidir və dünyanın ən uzun düz yollarından biri buradadır. Adətən biz düz yolun sonunda döngədən əvvəl təkər-təkərə dəyən mübarizəni görürük. Yəqin ki, burada ötmə əməliyyatları üçün gözəl imkanlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə “Racing Point”in pilotu Lens Stroll bildirib.
O qeyd edib ki, biz Bəhreyndə bolidin balansını tapa bilmirdik, lakin komanda ötən həftə bu məsələnin üzərində işlədi. Biz hələ də anlamağa çalışırıq ki, aerodinamik tarazlığın pozulmasından necə maksimum faydalanaq. Lakin bizə elə gəlir ki, düzgün istiqamətdə hərəkət edirik. Fikrimcə, biz Çində bolidimizlə daha çox sürətə nail olacağıq. Fəxr edirəm ki, Formula 1-in mininci yürüşünün startına çıxacağam. Həyatım boyu translyasiyaları izləmişəm və 250-dən artıq yürüş görmüşəm. Mən kiçik olanda Kanadada yaşayırdım. Səhər yeməyi arxasında Avropa yürüşlərinin translyasiyasına baxmaqdan ötrü tezdən oyanırdım. Xatirimdədir, mən Mixael Şumaxerə necə azarkeşlik edirdim. Hər il atamla bərabər Kanada mərhələsinə gəlirdim. Ən çox yadımda qalan 2006-cı il yürüşü və Şumaxerlə Alonso arasındakı mübarizə idi.
“Əgər mənim üçün yaddaqalan yürüşlərdən danışsaq, o zaman bu, 2017-ci ildəki Bakı yürüşüdür. Yürüş həyəcanlı alındı və hesab edirəm ki, azarkeşlərin xoşuna gəldi. Şübhəsiz, həmin Qran-Pri mənim üçün Formula 1-də ən parlaq mərhələlərdən biri oldu”, - deyə Lens Stroll bildirib.