İDMAN


Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq

Tbilisi, 18 iyul, AZƏRTAC

İnanırıq ki, iyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalı çox yüksək səviyyədə təşkil olunacaq. Azərbaycan özünü idman ölkəsi kimi tanıdıb və bu cür mötəbər yarışların təşkili sahəsində böyük təcrübəyə malikdir.

Bu sözləri Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti, sərbəst güləş üzrə Olimpiya və beşqat dünya çempionu Leri Xabelov AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib ki, Azərbaycan beynəlxalq idman yarışlarını uğurla təşkil etmək baxımından artıq kifayət qədər nüfuz qazanıb. Bu, həm də Azərbaycanın idman ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Biz qardaş Azərbaycanın bu uğurlarına sevinirik və qonşumuza daha böyük uğurlar arzulayırıq.

Komitə sədri bildirib ki, Gürcüstan bu festivalda 36 idmançı ilə təmsil olunacaq. Onlar idmanın 6 növü üzrə mübarizə aparacaqlar. Gürcü idmançılar üzgüçülük, tennis, velosiped, atletika, cüdo, sərbəst və yunan-Roma güləşi yarışlarında güclərini sınayacaqlar.

Gürcüstan komandasının heyətində cüdoçuların (15 nəfər) sayca üstünlük təşkil etdiklərini vurğulayan L.Xabelov deyib ki, ən az isə üzgüçü və tennisçilərdir. Bu idman növlərinin hər biri üzrə Gürcüstanı üç idmançı təmsil edəcək.

Qeyd olunub ki, festivalda iki gürcü hakim də akkreditasiyadan keçib. Onlar güləş üzrə hakim Mixeil Qrdzelidze və idman gimnastikası üzrə hakim Bessarion Qamsaxurdiyadır.

Qonşu ölkənin nümayəndə heyətində 11 nəfərdən ibarət rəsmi, inzibati və məşqçi heyət də yer alıb. “EYOF Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstan komandasının bayraqdarı cüdoçu Giqa Tatiaşvili olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.