REGİONLAR
Lerik Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Lerik, 16 aprel, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfransda Vətən müharibəsi şəhidlərinin, həmçinin dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda bildirilib ki, Lerik rayonunda aparılan quruculuq və abadlıq işlərində, sosial, mədəni sahələrdə qazanılan uğurlarda ağsaqqalların böyük əməyi var.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir.
Diqqətə çatdırılıb ki, rayon Ağsaqqallar Şurasının konfransı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə Lerik rayonunun vətənpərvər gənclərinin də böyük payı var. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova bildirib ki, hər dəfə Lerikə gələndə yeni quruculuq, abadlıq işləri görür, rayonun gündən-günə gözəlləşdiyinin şahidi olur. Rayonun inkişafında ağsaqqalların da böyük əməyi var.
Sonra təşkilati məsələlərə baxılıb. Elxan Mehdi oğlu Qənbərov Lerik Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq edilib.